Rauf Məmmədov 12-ci Azərbaycan çempionudur

Rauf Məmmədov 12-ci Azərbaycan çempionudur
Rauf Məmmədov 12-ci Azərbaycan çempionudur

7-8 aprel tarixində Respublika Şahmat Mərkəzində şahmat məsələ və etüdlərinin həlli üzrə 39-cu Azərbaycan çempionatı keçirildi. Qələbə uğrunda ölkəmizin 9 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, Qəbələ, Şabran, Qobustan, Naftalan, Göygöl) 29 şahmatçı mübarizəyə qatıldı.
Çempionatımız dünya və Avropa çempionatlarında olduğu kimi hər birində 3 şahmat məsələsi olmaqla 6 bölmə üzrə (ikigedişli–20 dəq, üçgedişli–60 dəq, etüdlər–100 dəq, çoxgedişli–80 dəq, yardımmat–50 dəq, əks-mat–50 dəq), ümumi 18 məsələ təqdim olunmaqla keçirilir. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi. Ölkə çempionatımız şahmat həlletməsi üzrə Dünya kubokunun mərhələlərindən biri kimi qeydiyyatdan keçmişdi.
Şahmat üzrə millimizin üzvü beynəlxalq qrossmeyster, 3 dəfə Avropa çempionu Rauf Məmmədov 90 mümkün xaldan 61,75 (320 dəq) xal toplayaraq həlletmə tarixində 12-ci çempion adını qazandı. Gümüş medalı 60,75 (325 dəq) xalla çempiondan 1 xal geri qalan gənc şahmatçı Amil Abbasov (Gəncə), bürünc medalı isə 60 (316 dəq) xalla 15 qat ölkə çempionu, həlletmə üzrə beynəlxalq usta Araz Alməmmədov (Qəbələ) qazandı. Dünya kubokunun sahibi beynəlxalq qrossmeyster Zaur Məmmədov Türkiyədə keçiriləcək şahmat turnirində iştirakla əlaqədar olaraq yalnız çempionatın ilk günü iştirak etdi, ancaq bu da ona 42 xalla 4-cü olmağa bəs etdi.
Qadınlar arasında 1-ci Səbinə Rzalı (Sumqayıt), 2-ci Aydan Hüseynzadə (Qəbələ), 3-cü isə Nərminə Ruzicəng (Naftalan) oldu.
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli, yardımmat – Araz Alməmmədov (Qəbələ), üçgedişli – Zaur Məmmədov (Bakı), etüdlər, çoxgedişli, əks-mat – Rauf Məmmədov (Bakı). Qaliblər pul mükafatları, fəxri fərmanlar və medallarla mükafatlandırıldı.
Həlletmə komandamız sentyabr ayında Makedoniyanın Oxrid şəhərində keçiriləcək 42-ci dünya çempionatında ölkəmizi təmsil edəcək. Xatırladaq ki, şahmat həllçilərimiz 2014-cü ildə İsveçrənin paytaxtı Bern şəhərində dünya çempionatında və 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada Avropa çempionatında gümüş medal qazanıb.

İlham Əliyev (Sumqayıt)
Yarışın baş hakimi (beynəlxalq hakim, əməkdar məşqçi)

Tapşırıqlar / Problems: 39th-azch-problems.pdf [407,09 Kb] (downloads: 89)
See the file online: 39th-azch-problems.pdf

Cavablar / Solutions: 39th-azch-solutions.pdf [455,34 Kb] (downloads: 61)
See the file online: 39th-azch-solutions.pdf

Cədvəl / Table: table-2018.pdf [319,53 Kb] (downloads: 77)
See the file online: table-2018.pdf
Add comment

Add comment

Кликните на изображение чтобы обновить код, если он неразборчив