Sumqayıt şahmatçısı gənclər arasında dünya çempionudur

Sumqayıt şahmatçısı gənclər arasında dünya çempionudur
1-8 avqustda Polşanın Ostroda şəhərində 58-ci Dünya Şahmat Bəstəçiliyi konqresi (58th World Congress of Chess Composition) keçirildi. Konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq Şahmat Bəstəçiliyi Federaiyasının (World Federation for Chess Composition) iclasları və ən əsas tədbir, şahmat məsələlərinin həlli üzrə 39-cu Dünya çempionatı (39th World Chess Solving Championship) daxil idi.
Ölkəmizi bu yarışda şahmat həlletməsi üzrə yığma komandanın üzvləri Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Misrətdin İskəndərov (Sumqayıt), Rəşad Zeynallı (Bakı), Elmar Abdullayev (Şirvan) və ölkəmizin bu təşkilatda nümayəndəsi, komandanın baş-məşqçisi İlham Əliyev (Sumqayıt) təmsil edirdi.
Ənənəvi olaraq konqresdə dünya çempionatı öncəsi Open-turnir keçirilir. Bu yarışda həll üçün hər bölmədə (#2, #3, etüdlər,N#, H#, S#) təqdim olunan 12 məsələ 3 saat ərzində həll edilməlidir. Qələbə uğrunda 24 ölkədən 89 şahmatçı mübarizə apardı. Qalib adını 60 mümkün xaldan 51 xalla Anatoli Mukoseev (Rusiya) qazandı, 2-ci 50,5 xalla Vidmantas Satkus (Litva), 3-cü isə 50 xalla Piotr Qorski (Polşa) oldu. Azərbaycan həllçiləri arasında bu yarışda ən yaxşı nəticəni Mistrətdin İskəndərov (Sumqayıt) 48,5 xalla 6-cı yer tutaraq göstərdi. R. Zeynallı ilk dəfə belə yarışlarda çıxış etməsinə baxmayaraq 45 xal topladı və 13-cü yeri tutdu. Araz Alməmmədov 44,5 xalla 14-cü oldu. Son ölkə çempionu Ramil Cavadov isə çox zəif çıxış etdi və 35 xalla 39-cu oldu.
4-5 avqustda
39-ci Dünya çempionatı keçirildi ki, burada 85 şahmatçı şəxsi hesabda mübarizə apardı. Çempionat 6 turdan ibarət olur ki, hər turda 3 tapşırıq, ümumi olaraq isə 18 tapşırıq təqdim olunur. Hər tapşırıqda düzgün cavaba görə 5 xal, ümumi 90 xal verilir. Çempionat dəfələrlə dünya çempionu olan Kasper Piorun (Polşa) və şahmat üzrə qrossmeyster John Nunn-ın (İngiltərə) mübarizəsi ilə yadda qaldı. Qızıl medalı 80,5 xalla (348 dəqiqə) Kasper Piorun, gümüşü isə 80 xalla (316 dəqiqə) John Nunn qazandı. Bürünc medalın sahibi isə 73 xalla Jorma Paavilainen (Finlandiya) oldu. Azərbaycan şahmatçılarından Mistrətdin İskəndərov dəfələrlə dünya və Avropa çempionu Piotr Murdzia (Polşa) ilə eyni 71 xal (338 dəqiqə) topladı və yalnız vaxta görə (350 dəqiqə) 5-ci oldu. Araz Alməmmədov 56,5 xalla 18-ci, debütant Rəşad Zeynallı 54,5 xalla 22-ci, təcrübəli Ramil Cavadov isə 42,5 xalla 47-ci oldu ki, bu da ötən il İsveçrədə dünya çempionatında 2-ci yer tutan komandamızın nəticəsinə təsir etdi.
Dünya çempionatında komanda hesabında 19 komanda mübarizə aparırdı. Üç turdan sonra komandamız 3-cü yerdə gedirdi. Çempionatda qalib adını 157,5 xalla dəfələrlə dünya və Avropa çempionları Polşa yığması (Kasper Piorun, Piotr Murdzia, Aleksandr Mista) qazandı. Gümüş medalı isə 151 xalla Böyük Britaniya (John Nunn, Jonathan Mestel, Michael McDovel) əldə etdi. Bürünc medalı 135,5 xalla Serbiya (Marjan Kovacevic,Vladimir Podinic, Bojan Vukcevic) komandası qazandı. 4-cü134 xalla, Almaniya, 5-ci isə 130,5 xalla Azərbaycan oldu. Maraqlıdır ki, yığmamız son turlara kimi liderler sırasında idi, yalnız son turlarda Araz Alməmmədovun və Ramil Cavadovun zəif çıxışı komandamızın 5-ci olmasına səbəb oldu. Ancaq yenə də bu nəticə ilə ölkəmizin komandası dəfələrlə dünya və Avropa çempionları Rusiya, Almaniya, Ukrayna kimi komandaları geridə qoydu.
Əsas uğurumuzu gənclər qazandı. Misrətdin İskəndərov 71 xalla gənclər arasında dünya çempionu adını qazandı. Gümüş medalı 62 xalla Tomas Peiti (Slovakiya), bürünc medalı isə 54,5 xalla Rəşad Zeynallı (Bakı) qazandı.
Ənənəvi olaraq, dünya çempionatında sürətli həlletmə keçirilir. "Quick Şou” yarışında 1-ci 18 xalla Marjan Kovacevic (Serbiya), 2-ci 17 xalla Kasper Piorun (Polşa), 3-cü isə 16 xalla Arno Zude (Almaniya) oldu. "Solving şou” yarışında isə qalib adını 13 xalla Mark Erenburq (İsrail) qazandı. 2-ci yeri 11 xalla Vladimir Podinic (Serbiya), 3-cü yeri isə 10 xalla 15 qat ölkə çempionu Araz Alməmmədov (Azərbaycan) tutdu.
Son yarışların nəticələrinə görə Misrətdin İskəndərov (Sumqayıt) həlletmə üzrə beynəlxalq usta (FIDE Solving International Master), şahmat üzrə qrossmeyster Zaur Məmmədov isə FİDE ustası (FIDE Solving Master) adını aldı. Qeyd edək ki, M. İskəndərov həmçinin, həlletmə üzrə ölkəmizin tarixində ilk dəfə olaraq, qrossmeyster balını da topladı və beynəlxalq həlletmə əmsalı ilə ölkə yığmasının liderinə çevrildi. Maraqlıdır ki, o iyulun sonu Türkiyənin Konya şəhərində keçirilən Türkiyə liqasında da uğurla çıxış edərək şahmat üzrə qrossmesyter balını toplayıb.
Daha bir nəticəni xüsusilə qeyd etmək istərdim. Komandamızın debütantı, ölkə çempionatında 4-cü yer tutan Rəşad Zeynallı (Bakı) bütün yarışlarda öz uğurlu çıxışı ilə yadda qaldı. O ilk dəfədən beynəlxalq usta normasını doldurdu və indi bu adı almaq üçün ona beynəlxalq əmsalını 2450-ya çatdırmaq qalıb.