57-ci Dünya Şahmat Bəstəçiliyi konqresi (57th World Congress of Chess Composition)

Azərbaycan Dünya ikincisidir!

23-30 avqustda İsveçrənin paytaxtı Bern şəhərində 57-ci Dünya Şahmat Bəstəçiliyi konqresi və şahmat məsələlərinin həlli üzrə 38-ci Dünya çempionatı keçirildi.
Ölkəmizi bu yarışda şahmat həlletməsi üzrə yığma komandanın üzvləri Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Zaur Məmmədov (Bakı), Nərmin Məmmədova (Bakı), Kənan Vəlixanov (İmişli) və ölkəmizin bu təşkilatda nümayəndəsi və komandanın baş-məşqçisi İlham Əliyev (Sumqayıt) təmsil edirdi. Ölkəmiz bu konqresdə tarix yazdı və şahmat bəstəçiliyi tarixinə imza qoydu desək, heç də yanılmarıq.
Dünya çempionatında komanda hesabında 23 komanda mübarizə aparırdı.Çempionat 6 turdan ibarət olur ki, hər turda 3 tapşırıq, ümumi olaraq isə 18 tapşırıq təqdim olunur. Hər tapşırıqda düzgün cavaba görə 5 xal, ümumi 90 xal verilir.
Dünya çempionatında komanda hesabında 23 komanda mübarizə aparırdı.Çempionatda qalib adını 162 xalla dəfələrlə dünya və Avropa çempionları Polşa yığması qazandı. Gümüş medalı isə 150,5 xalla dünya şahmat həlletməsi tarixində ilk dəfə olaraq, Azərbaycan yığması (Araz Alməmmədov – 67 xal, Zaur Məmmədov – 65 xal, Ramil Cavadov 60 xal) əldə etdi. Bürünc medalı 148,5 xalla İsrail komandası qazandı. Bu nəticə ilə ölkəmizin komandası dəfələrlə dünya və Avropa çempionları Serbiya, Ukrayna, Rusiya, Almaniya, Böyük Britaniya kimi komandaları geridə qoydu.
Gənclər arasında dünya çempionatının nəticələri də müəyyən edildi: 1-ci Kasper Piorun (Polşa), 2-ci Zaur Məmmədov (Bakı), 3-cü isə Tomas Peiti (Slovakiya).
Nərmin Məmmədova (Bakı) isə 90 mümkündən 54 xalla, bütün həlletmə yarışları tarixində qadınlar arasında ən yüksək nəticəni göstərdiyi üçün xüsusi diplomla mükafatlandırıldı. Çox heyif ki, qadınlar arasında dünya çempionatının rəsmiəşdirilməsi üçün lazım olan 6 ölkə sayı mümkün olmadı.
Konqresdə ilk dəfə olaraq, “Azersun” şirkətinin dəstəyi ilə Kənan Vəlixanovun təklif etdiyi və şahmat bəstəçiliyi nəzəriyyəsində yer alan “Qarabag mövzusu” ilə “1-ci Azərbaycan Yardımmat yarışı” (1st Azerbaijan Helpmate tourney for WCCC) təşkil olundu. Qeyd edim ki, “Qarabağ” mövzusu tərtib üçün çox çətin mövzu olmasına və tərtibə qısa müddət verilməsinə baxmayaraq, yarışımız çox böyük marağa səbəb oldu və 8 ölkədən 11 müəllif 14 məsələ ilə iştirak etdi.
Konqresdə həmçinin şahmat bəstəçiliyi üzrə 3-cü Dünya kubokunun və 10-cu Beynəlxalq Həlletmə yarışının (10st International Solving Contest) bağlanışı keçirildi.
İkigedişli məsələlərin tərtibi üzrə 3-cü Dünya kubokunun qalibi Kənan Vəlixanova (İmişli) kubok və diplom təqdim olundu. Kənan Vəlixanova həmçinin “Soçi Olimpiadası” yarışında 5-ci yerə görə medal təqdim olundu. Kənan konqresdə təşkil olunan bir sıra tərtib yarışlarında da uğur qazandı. Tanınmış şahmat bəstəçisi Abdelaziz Onkoudun (Mərakeş) təşkil etdiyi ikinci “Azemmour” (ərəbcə zeytun deməkdir) yarışında onun iki məsələsi uğur qazandı (6-cı mükafat və 1-ci tərifnamə).
“10-cu Beynəlxalq Həlletmə” yarışında isə Sumqayıt şahmatçıları fərqləndilər. Misrətdin İskəndərov (Sumqayıt) gənclər arasında 2-ci oldu, Ceyhun Hüseynzadə (Sumqayıt) isə 2-ci kateqoriyada yarışın qalibi adını qazandılar.
Konqresdə, son yarışların nəticələrinə görə Araz Alməmmədov və Ramil Cavadova həlletmə üzrə FİDE həlletmə beynəlxalq ustası, Misrətdin İskəndərova isə FİDE həlletmə ustası sertifikatı təqdim olundu.
Çox sevindirici haldır ki, ölkəmizin İsveçrədəki konsulu Vüqar Əliyev dünya çempionatının bağlanışında iştirak etdi. Onun uğurumuzu təbrik etməyə gəlməsi komandanın sevincini daha da artırdı. Fürsətdən istifadə edib, ölkəmizin İsveçrədəki səfirliyinə və onun əməkdaşlarına xüsusi minnətdarlığımızı bildirmək istərdik.
Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (WFCC) iclasında səs çoxluğu ilə federasiyanın prezidenti yenidən Harry Fougiaxis (Yunanıstan) seçildi. Səsvermə ilə 1-ci vitse-prezident Hannu Harkola (Finlandiya), 2-ci vitse-prezident Georgi Yevseyev (Rusiya), 3-cü vitse-prezident isə Thomas Maeder (İsveçrə) seçildi.
Növbəti konqresin və Dünya çempionatının gələn ilin avqustunda Polşanın Ostroda, Avropa çempionatının isə Rumıniyanın Yassı şəhərində keçiriləcəyi qərara alındı.

(Şəkli böyütmək üçün üzərinə basın)
Komanda cədvəlinə burdan baxmaq olar:
http://www.kunstschach.ch/wccc2014/docs/WCSC%202014%20team%20prelim.pdf

Add comment

Add comment

reload, if the code cannot be seen