36-cı AZƏRBAYCAN ÇEMPİONATI


İsmayıllı şahmatçısı 4 qat Azərbaycan çempionu oldu
Aprelin əvvəlləri ölkəmizin paytaxtı Bakı şəhərində ənənəvi olaraq, şahmat məsələlərinin həlli üzrə ölkə çempionatı keçirilir. Bu il Respublika Şahmat Mərkəzində (klubu) keçirilən Azərbaycan çempionatı sayca artıq 36-cı idi. Qələbə uğrunda ölkəmizin 9 şəhərindən (Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, İmişli, Qəbələ, Şabran, Qobustan, Naftalan) 29 şahmatçı mübarizəyə qatıldı. Çempionatımız dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 məsələ olmaqla 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60 dəq, etüdlər -80 dəq, çoxgedişli-80 dəq, yardımmat-50 dəq, əks-mat-50 dəq) ümumi 18 məsələ təqdim olundu. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi.
Çempionatda əsas mübarizənin ənənəvi olaraq, həlletmə üzrə ölkə yığma komandasının üzvləri arasında gedəcəyi gözlənilirdi. Çox heyiflər olsun ki, Dünya kubokunun qalibi Zaur Məmmədov (Bakı) və Nərmin Məmmədova (Bakı) Birləşmiş Ərəb Əmirliklərində keçirilən şahmat yarışında iştirak etdiyi üçün çempionata qatıla bilmədilər.
Gərgin mübarizədə qaliblər yalnız son, 6-cı turdan sonra məlum oldu. 1-ci yeri 90 mümkün xaldan 82,75 (344 dəq) xal toplayaraq, İsmayıllı şahmatçısı beynəlxalq usta Ramil Cavadov tutdu və bununla da 4 qat ölkə çempionu oldu. Gümüş medalı 81,5 (265 dəq) xalla yığmanın daha bir üzvü, şahmat üzrə beynəlxalq usta Misrətdin İskəndərov (Sumqayıt), bürünc medalı isə Qəbələ şahmatçısı, 15 qat ölkə çempionu, beynəlxalq usta Araz Alməmmədov 75 ( 285 dəq) xalla qazandı. 4-cü 49,5 xalla Rəşad Zeynallı (Bakı), 5-ci isə 47 xalla Aqşin Məsimov (Bakı) oldu.
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli - Rəşad Zeynallı (Bakı), üçgedişli- Araz Alməmmədov (Qəbələ), etüdlər, yardımmat, çoxgedişli - Misrətdin İskəndərov (Sumqayıt), əksmat - Ramil Cavadov (İsmayıllı).
Qadınlar arasında 1-ci 38,25 xalla şahmat üzrə beynəlxalq qrossmeyster Nərmin Kazımova (Bakı), 2-ci 30,75 xalla şahmat üzrə beynəlxalq usta Səbinə İbrahimova (Gəncə), 3-cü isə 19 xalla Xatun Bağırova (Bakı) oldu.
Veteranlar arasında ən yaxşı nəticəni, 12 aprel 65 yaşı tamam olan tanınmış etüd tərtibçimiz Muradxan Muradov (Qobustan) 27,5 xalla, yeniyetmələr arasında isə 14 xalla Feyziyev Mirmusa (Bakı) və 12,5 xalla Teymuraz Axundov (Bakı) göstərdi.
Komanda hesabında İsmayıllı komandası (Ramil Cavadov və Cahangir Niftəliyev) 108,75 xalla 1-ci yeri, Bakı-1 (Rəşad Zeynallı və Aqşin Məsimov) 96,5 xalla 2-ci, Sumqayıt (Misrətdin İskəndərov və Zaur Bayramov) 91,5 xalla 3-cü yeri tutdu. Sonrakı yerləri müvafiq olaraq,Qəbələ (Araz Alməmmədov və Aydan Hüseynzadə) 84 xalla 4-cü, Bakı-2 (Bəhruz Rzayev və Nərmin Kazımova) 77,5 xalla (555 dəq) 5-ci, İmişli (Kənan Vəlixanov və Elnur Mehtiyev) 77,5 xalla (620 dəq) 6-cı, Şabran (Ramil Səfərəliyev və Azər Abbasov) 51 xalla 7-ci yeri tutdu.
Ölkə çempionatı ilə yanaşı 33-cü Bakı çempionatının da nəticələri müəyyən edildi. 1-ci Rəşad Zeynallı, 2-ci Aqşin Məsimov, 3-cü isə Bəhruz Rzayev oldu. Bölmələrdə qaliblər: ikigedişli, üçgedişli, çoxgedişli - Rəşad Zeynallı, etüdlər-Nərmin Kazımova, yardımmat - Bəhruz Rzayev, əsk-mat- Aqşin Məsimov.
Bütün qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olundu.

İ. Əliyev (Sumqayıt) beynəlxalq hakim, əməkdar məşqçi

Cədvəl 36th-azch-excel-table.xls [55 Kb] (downloads: 41)
See the file online: 36th-azch-excel-table.xls

Məsələlər 36th-azerbaijan-solving-championship-problems.pdf [192,41 Kb] (downloads: 57)
See the file online: 36th-azerbaijan-solving-championship-problems.pdf

Cavablar 36th-azerbaijan-solving-championship-solutions.pdf [240,2 Kb] (downloads: 54)
See the file online: 36th-azerbaijan-solving-championship-solutions.pdf

Read more