11-ci Azərbaycan çempionu

 

11-ci Azərbaycan çempionu


  Hər il aprel ayının ikinci həftəsi şahmat məsələlərinin həlli üzrə Azərbaycan çempionatının keçirilməsi artıq ənənə halını alıb. İlk dəfə 1979-cu ildə keçirilən çempionat bu il sayca 34-cü idi.
13 aprel Respublika Şahmat Mərkəzində (klubu) 34-cü Azərbaycan çempionatı start götürdü.Qələbə uğrunda 26 şahmatçı mübarizəyə qatıldı. Yarışda dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 məsələ olmaqla 6 bölmə üzrə (ikigedişli-20 dəq, üçgedişli -60 dəq, etüdlər-80 dəq,  yardımlımat-50 dəq, çoxgedişli-80 dəq, əksmat-50 dəq) ümumi 18 məsələ təqdim olundu. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi.
  Qeyd etmək lazımdır ki, çempionatın məsələləri ölkə şahmat bəstəçilərinin yaxın dostu, serbiyalı məşhur şahmat bəstəçisi və həllçisi, beynəlxalq qrossmeyster Milan Velimirovicin (21.04.1952 - 25. 02.2013) xatirəsinə və yaradıcılığına həsr olunmuşdu. Təqdim edilən 18 məsələdən 10-u onun əsərləri idi.
  Çempionatda əsas mübarizənin həlletmə üzrə ölkə yığma komandasının üzvləri Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Misrətdin İskəndərov (Sumqayıt) və Zaur Məmmədov (Bakı) arasında gedəcəyi gözlənilirdi. Gərgin mübarizədə qaliblər yalnız son, 6-cı turdan sonra məlum oldu. 1-ci yeri ilk dəfə olaraq, 18 yaşlı Sumqayıt şahmatçısı Misrətdin İskəndərov 90 mümkün xaldan 78 (301 dəq) xal toplayaraq tutdu və 11-ci ölkə çempionu adını qazandı. 2-ci 77,5 (306 dəq) xalla üçqat ölkə çempionu Ramil Cavadov, 3-cü 73,5 (324 dəq) xalla 14 qat ölkə çempionu Araz Alməmmədov, 4-cü yeri isə şahmat üzrə Azərbaycan çempionu, beynəlxalq usta Zaur Məmmədov 64 (309 dəq) xalla tutdu. Növbəti yerləri digər gənc şahmatçılarımız, beynəlxalq usta Bəhruz Rzayev (Bakı) 55,5 (254 dəq) xalla 5-ci, 16 yaş Azərbaycan çempionu Murad Nuri (Sumqayıt) isə 41,5 (287 dəq) xalla 6-cı olaraq tutdu.

  Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli, üçgedişli, etüdlər və əksmat-Misrətdin İskəndərov (Sumqayıt), yardımlımat-Araz Alməmmədov və Ramil Cavadov (hər ikisi 11 xal , 50 dəqiqə), çoxgedişli-Araz Alməmmədov.
  Qadınlar arasında 1-ci yeri 23 (322 dəq) xalla Nərmin Məmmədova (Bakı) tutdu, 2-ci 22 (337 dəq) xalla Səbinə İbrahimova (Gəncə), 3-cü isə 15,5 (259 dəq) xalla Aydan Hüseynzadə (Qəbələ) oldu. Veteranlar arasında ən yaxşı nəticəni Anatoli Piriverdiyev (Bakı) göstərdi.
  Komanda hesabında da nəticələr müəyyən edildi. Yeddi komanda arasında Sumqayıt (Misrətdin İskəndərov və Murad Nuri) və Bakı-1 (Zaur Məmmədov və Bəhruz Rzayev) komandaları 119,5 xalla 1-2-ci yeri bölüşdürdü. Daha az vaxt (563 dəq) sərf etdiyinə görə çempion adını Bakı-1, gümüş medalı isə 588 dəqiqə ilə Sumqayıt komandası qazandı. Bürünc medalı 93 xalla İsmayıllı (Ramil Cavadov və Cahangir Niftəliyev), 4-cü yeri 88,5 xalla Qəbələ (Araz Alməmmədov və Aydan Hüseynzadə), 5-ci yeri isə Bakı-2 (Aqşin Məsimov və Anatoli Piriverdiyev) komandası tutdu.
  Qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olundu. Yarışın cədvəli və tapşırıqları ilə aşağıdatanış ola bilərsiniz.
34azch-tapshiriqlar.pdf [186,48 Kb] (downloads: 127)
See the file online: 34azch-tapshiriqlar.pdf

34azch-cavablar1.pdf [243,78 Kb] (downloads: 80)
See the file online: 34azch-cavablar1.pdf

cedvel-34th-azch.pdf [381,24 Kb] (downloads: 86)
See the file online: cedvel-34th-azch.pdf

mukafat-fondu-34azch.pdf [130,16 Kb] (downloads: 69)
See the file online: mukafat-fondu-34azch.pdf


İlham Əliyev (Sumqayıt) Beynəlxalq hakim

Read more