Sumqayıtda şahmat etüdlərinin həlletmə yarışı

3 avqust Sumqayıt şahmat məktəbində şahmat etüdlərinin həlli üzrə yarış keçirildi. Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası tərəfindən təşkil edilmiş yarış müasir Azərbaycan şahmat bəstəçiliyinin banisi, beynəlxalq usta Aleksandr Sarıçevin xatirəsinə həsr olunmuşdu. Xatırladaq ki, 2 avqust onun doğum günü idi.
Yarışda ölkəmizin 7 şəhərindən (Bakı, Sumqayıt, İsmayıllı, Qəbələ, Qobustan, Laçın, Şabran) 18 şahmatçı öz qüvvəsini sınadı. Yarış həmçinin, 19-27 avqust İtaliyanın Jesi şəhərində keçiriləcək həlletmə üzrə dünya çempionatına hazırlıq mərhələsi daşıyırdı. Ölkəmizin dünya çempionatında iştirak edəcək yığma komandası tam heyətdə burada iştirak etdi. Yarış 2 raunddan ibarət oldu. Hər raundda iştirakçılara 90 dəqiqə ərzində 4 etüd həll etmək tələb olunurdu. Hər düzgün həll edilmiş etüdə görə 5 xal verilirdi. Yarışın mükafat fondu 100 ABŞ dolları idi.
Gərgin keçən mübarizədə yığma komandanın gənc üzvləri qalib gəldilər. 40 mümkün xaldan 37 xal (58 dəq) toplayaraq, beynəlxalq usta Zaur Məmmədov (Bakı) qalib gəldi. 2-ci yeri 36 xalla (82 dəq) Misrətdin İskəndərov (Sumqayıt), 3-cü yeri isə 35,5 xalla (180) komandanın lideri Ramil Cavadov (İsmayıllı) tutdu. Yığma komandanın daha bir üzvü Araz Alməmmədov (Qəbələ) 26 xalla (180 dəq) 4-cü oldu. 5-ci yeri isə 18 xalla (174 dəq) tanınmış etüd ustamız Muradxan Muradov (Qobustan) tutdu. Qadınlar arasında ən yaxşı nəticəni 11 xalla (172 dəq) Aysel Bəxtiyarlı (Sumqayıt) 11 xal (172 dəq) toplayaraq göstərdi, 2-ci 8,5 xalla (151 dəq) Nərmin Məmmədova (Bakı), 3-cü isə Lalə Rzabəyli (Sumqayıt) oldu.
Sevindirici haldır ki, bu yarışda gənc şahmatçılar yaxşı nəticə göstərdilər. 14 yaşlı Murad Nuri (Sumqayıt) 17,5 xalla (153 dəq) yarışda 6-cı oldu. Maraqlıdır ki, o bu nəticə ilə yığma komandanın 15,5 xalla (180 dəq) 7-ci yeri tutan üzvü Aqşin Məsimovu (Bakı) qabaqladı. 12 yaşadək şahmatçılar arasında Azərbaycan birinciliyinin final mərhələsində 2-ci yeri tutaraq Avropa birinciliyinə vəsiqə qazanmış Ceyhun Hüseynzadə (Sumqayıt) isə 13 xalla (127 dəq) 8-ci oldu.
Qeyd edək ki, yarışda həlletmə üçün A.Sarıçevin səkkiz etüdü təqdim edilmişdi. Yarışda verilən etüdləri sizə təqdim edirik, onları həll edin və özünüzü qiyabi olaraq yarışda hiss edin.

sumgayit-etudler.pdf [0 b] (downloads: 102)
See the file online: sumgayit-etudler.pdf

sumgayit-helli.pdf [0 b] (downloads: 64)
See the file online: sumgayit-helli.pdf

sumgayit-cedvel.pdf [0 b] (downloads: 74)
See the file online: sumgayit-cedvel.pdf

Read more